Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda Rejissorluq kafedrasının müdiri, rejissor, teleaparıcı və aktyor Mixail Borisov 71 yaşında vəfat edib.

Mixail Borisov institutda azərbaycanlı tələbələrdən ibarət kursun rəhbəri idi. 2016-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən, 11 azərbaycanlı gənc Moskvada təhsil almağa başlayıb. M.Borisov Azərbaycana gələrək istedadlı gənclərin seçilməsində şəxsən iştirak etmişdi. Rejissor jurnalistlərə müsahibəsində Azərbaycandan daha çox istedadlı gəncin Moskvada təhsil almasına çalışdığını, ölkəmizlə mədəni əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulamışdı.

Onu da qeyd edək ki, Mixail Borisov, həmçinin uzun illər televiziya vasitəsilə yayımlanan “Rus lotosu”nun aparıcısı kimi tanınmışdı.