Onun şeirləri elə tərcümeyi-halıdır
  
   Aləmdən saxtalıq, hiylə, yalan görəndə insan özünə çəkilir və üstəlik də yurd nisgili olanda özü-özü ilə danışır, içindəki həsrətini, hirsini-hikkəsini ağ kağıza boşaldır. Bulud kimi dolur-boşalır insan… Amma hər kəsin yazdığı uğurlu alınmır. Yazıçılar Birliyinin üzvü, şair Əhməd Fərhad oxucuları ilə artıq dördüncü dəfədir ki, görüşür. «Ağır adam», «Yurd sevgisi», Dünyaya yol azmışam» adlı kitablarından sonra bu dəfə dahi Füzulinin dili ilə «Oyadar xəlqi əfğanım» deyir. Azərbaycan şeirinin ənənələrinə sadiq qalan şair bu gün də şeirləri ilə nə palaza bürünüb elnən sürünür, nə də «izimlər»in arxasınca. Onun öz yolu var bu aləmdə və o, küləyin hansı səmtə əsdiyinin fərqində deyil. Onun dili xalq dilidi, qoşmalı, təcnisli, bayatılı şirin bir dil… Yaradıcılığı da xalq dili və şeir sənətimiz kimi zəngindi. Onun kitabı çox sadə, qəribə, ancaq özünəməxsus, fərqli xüsusiyyəti ilə seçilən bir adam olduğundan xəbər verir. Belə qənaətə ondan gəlmək olur ki, kitabına ön söz belə daxil etməyib. Haqqında bir balaca məlumata isə kitabın sonuncu səhifəsində bir səhifə yer ayırıb ki, oxucu da bunu ya görə ya görməyə… Təmənnasız yazıb- yaradan şairin görünür həyatdan umacağı çox şey yoxdur. Amma açıq-aydın bircə şey hiss olunur ki, onun Allahdan bircə umacağı var. Bu da Cəbrayılın doğma havasını sinəsinə çəkmək , o torpağın üstündə körpə uşaq kimi gəzmək, canı-qanı ilə bağlandığı yurd-yuvasında olmaq...
  
   Vətəndən, torpaqdan, yurddan aralı,
   Ürəkdə nisgilim var, qocalmışam,
   Həsrət buludundan dərdli başıma,
   Yağıbdır vədəsiz qar, qocalmışam.
  
   Məcnun misallıyam, istərəm gülüm,
   Zülfünlə alasan hasara məni.
   Niyyətim nə idi, amalım nədi,
   Etmə gülünc yeri ha sara məni.
  
   Ə.Fərhadın «Oyadar xəlqi əfğanım» adlı kitabını əlimə götürüb vərəqləyəndə müəllifin bioqrafiyası ilə tanış ola bilmədim... Tək baxışda bu mənə bir az qəribə gəldi, amma sonra düşündüm ki, şairin şerləri elə onun ömürlüyüdür. Kitabla tanışlıqdan sonra gördüm ki, müəllifin qoşmaları, təcnisləri, qəzəlləri, satirik şeirləri, bayatıları bir sözlə, bütün yazıları Qarabağ havalı, Qarabağ nisgillidir.
   
   Dirili dağım getdi,
   Bostanım, bağım getdi.
   Yurddan ayrı düşəli,
   Sinəmdə dağım bitdi.
  
   Əzizim Diri dağım,
   Ruhumun piri dağım,
   Ayrı düşdüm sinəmdə
   Min oldu biri dağım.
  

   Heç bir dünya malında gözü olmayan, bu qarışıq zamanda qamətini düz saxlamağı bacaran şair, gəl inanaq cümlə Qarabağa dönəcəyimiz, haqqın, ədalətin zəfər çalacağı o məqama. 

Mina Rəşid