Ağcabədi şəhərindəki Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində dahi bəstəkarın xatirəsi anılıb. Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümü və Milli Musiqi Günündə gerçəkləşən mərasimdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri iştirak ediblər. “Koroğlu” operasından uvertüranın sədaları altında bəstəkarın büstü qarşısına gül dəstələri qoyulub.

Sonra Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbində sosial izolyasiya qaydaları gözlənilməklə bayram tədbiri keçirilib. Regional idarənin rəisi Rza Quluyev çıxış edərək dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin keçdiyi şərəfli ömür yolundan bəhs edib.

Uşaq incəsənət məktəbinin Xoreoqrafiya şöbəsi şagirdlərinin iştirakı ilə bəstəkarın ölməz sənət əsəri olan “Arşın mal alan” operettasından səhnələr nümayiş olunub.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Musiqi Günü ilə əlaqədar sərgi-tədbir keçirilib. Mərkəzin qarşısında, açıq havada keçirilən tədbirdə mərkəzin direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edib.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Laçın rayon Mədəniyyət Mərkəzinin Aşağı Fərəcan kənd klubunda da Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə sərgi təşkil olunub.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə onlayn konsert keçirilib. Mərkəzin əməkdaşları Rövşən Teyyubov və Nizami Babayev bəstəkarın məşhur “Sənsiz” və “Sevgili canan” romanslarını ifa ediblər.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi ilə birgə “Kəndimizin etüdü” adlı yeni layihəyə start verib. Layihənin məqsədi rayonun kəndlərində yaşayan həvəskar gənc rəssamları tanıtmaq və kəndlərin turizm potensialını nümayiş etdirməkdir. Layihə rayonun 7 kəndində həyata keçiriləcək. Həvəskar rəssamlar açıq hava şəraitində kəndlərinin gəzməli-görməli yerlərini, tarixi abidələrini etüd edəcəklər. Bu işdə onlara peşəkar rəssam da dəstək olacaq. Rəsmlər İsmayıllı şəhərinin mərkəzi meydanında sərgilənəcək.

Ağsuda dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə onlayn konsert təşkil olunub. Konsertdə Ağsu rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən instrumental ansambl bəstəkarın ölməz əsərlərini səsləndirib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin 3 nömrəli Muxas kənd kitabxana filialında 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar “Qoy həmişə sülh olsun” adlı tədbir təşkil olunub. Uşaqlar sülhə aid rəsmlər çəkiblər. MKS-nin Baş Daşağıl kənd kitabxana filialında isə “nağıl saatı” təşkil olunub. Azərbaycan və dünya xalqlarının nağıllarından nümunələr səsləndirilib.

Oğuz rayon MKS-nin Yemişənli kənd kitabxana filialı və kənd klubunun birgə təşkilatçılığı ilə Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illik yubileyi ilə əlaqədar informasiya saatı keçirilib. Tədbirdə kitabxananın müdiri Rəqsanə Tahirova, klubun mədəni-kütləvi təşkilatçısı Aygün Dadaşova çıxış ediblər. Sonda iştirakçılar “Üzeyir Hacıbəyli – 135” adlı sərgi ilə tanış olublar.

Qax rayon MKS və Gənclərin İnkişaf və Karyera Mərkəzi Qax nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gəlin, kitab oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək!” adlı oxu müsabiqəsi keçirilib. Müsabiqədə kitabxanaların 10 fəal oxucusu iştirak edib. Onlar oxuduqları bir əsər haqqında məlumatı müsabiqəyə təqdim ediblər. Bununla hər iştirakçı digər iştirakçılar sayəsində əlavə 9 kitab haqqında məlumat əldə etmiş olub.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir” mövzusunda videokonfrans keçirilib. 18 sentyabr Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunan tədbirdə Masallı, Neftçala, Qazax, Samux, Kürdəmir, Yevlax, Ağstafa və Qəbələ rayon Heydər Əliyev mərkəzlərinin direktorları və gənclər iştirak ediblər.

R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, rayonun Bədəlan kənd tam orta məktəbinin 10-cu sinif şagirdlərinin iştirakı ilə “Gənc xanımların cəmiyyətimizdəki rolu” mövzusunda onlayn tədbir keçirilib. Muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan qadınının ölkə həyatının müxtəlif sahələrində təmsil olunmasından danışıb.

***

Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon MKS-nin 1 saylı şəhər kitabxanasında tanınmış şair Bəhmən Vətənoğluna (1932-2004) həsr olunmuş “Bağışlamaz vətən bizi” başlığı altında onlayn tədbir keçirilib. Tədbirdə şairin yaradıcılığının məziyyətləri barədə söhbət açılıb.

Goranboy Dövlət Rəsm Qalereyasında Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə gənc rəssamların mövzu ilə bağlı 14 rəsm əsəri nümayiş olunub.

***

Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara Heydər Əliyev Mərkəzi, Astara Rayon Gənclər və İdman İdarəsi, “Sosial iş – sosial media” platformasının və “Loqos” Psixoloji Nitq İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə “Niyə könüllü oluruq, könüllülük nədir?” mövzusunda videotəlim keçirilib. “Könüllülər ili”nə həsr edilən tədbirdə Gənclər və İdman İdarəsinin əməkdaşı Abbas İbrahimli, Astara Heydər Əliyev Mərkəzinin rəhbəri Kübra Səmədova və başqalarının çıxışları dinlənilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə videokonfrans və onlayn kitab sərgisi təşkil edib. Tədbirdə dahi bəstəkarın Azərbaycanın musiqi xəzinəsinə misilsiz töhfələrindən söz açılıb.

Qazax rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi şəhər multimedia kitabxanası ilə birlikdə azyaşlı oxucularla “Dünyaya sülh gərəkdir” mövzusunda görüş keçirib. Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə kitabxana əməkdaşları və fəal oxucular iştirak edib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şirvan Dövlət Rəsm Qalereyasında “Mən sülhə səs verirəm” adlı sərgi təşkil edilib. 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə keçirilən sərgidə qalereyada fəaliyyət göstərən dərnək üzvlərinin rəsmləri nümayiş olunub.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi  kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə şair Teymur Elçinin (1924-1992) “Hər şey! Hər şey!” kitabının onlayn ucadan oxusu keçirilib. Oxu zalının müdiri Rima Seyfullayeva bildirib ki, tədbirin məqsədi kiçikyaşlı oxuculara mütaliəni aşılamaqdır. Uşaq şöbəsinin baş kitabxanaçısı Nazilə Əsədullayeva Teymur Elçinin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonda fəal oxucular şairin şeirlərini söyləyiblər.

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi və MKS-nin təşkilatçılığı ilə “Pandemiya dövründə region vətəndaşlarının maarifləndirilməsi, onlara bu mövzuda psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

Nurəddin MƏMMƏDLİ