«EMİTT 2009» turizm sərgisi bunu bir daha sübut etdi 
   
    Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edilməsini mütəmadi olaraq təmin edir. Fevralın 12-dən 15-dək İstanbul şəhərində keçirilən «EMİTT 2009» beynəlxalq turizm sərgisində ölkəmizin turizm potensialı geniş şəkildə nümayiş etdirilib.
   

   Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyevin qəzetimizə verdiyi məlumata görə, sərginin açılış mərasimində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri E.Günay, Suriya Ərəb Respublikasının turizm naziri S.A.Al-Kalaa, İstanbul şəhərinin meri K.Topbaşla yanaşı, digər rəsmi şəxslər və turizm təşkilatlarının nümayəndələri də iştirak ediblər: «Dünyanın 50-dən çox ölkəsinin rəsmi turizm qurumları, turizm şirkətləri və mehmanxanaların iştirak etdiyi sərginin açılış mərasiminin sonunda Azərbaycan Dövlət Rəqs Ansamblının 6 nəfərdən ibarət rəqs qrupu milli rəqslərimizi nümayiş etdirdi. Rəqqaslarımızın çıxışı rəsmi nümayəndələr və sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bununla yanaşı, sərginin davam etdiyi müddətdə hər dəfə 20 dəqiqə olmaqla, gündə iki dəfə milli rəqslərimiz xüsusi ayrılmış səhnədə nümayiş etdirilirdi».
   A.İsmiyevin dedyinə görə, açılış mərasimi başa çatdıqdan sonra Türkiyə Respublikasının mədəniyyət və turizm naziri E.Günay, Suriya Ərəb Respublikasının turizm naziri S. A.Al-Kalaa və onları müşayiət edən rəsmi nümayəndə heyəti stendlərə baxıblar: «Onu da qeyd edim ki, sərgi keçirilən müddətdə stendimizə çoxlu sayda yerli və xarici ziyarətçilər tamaşa etdi. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verildi, zəngin turizm potensialımız müxtəlif çeşidli reklam-çap məhsulları və reklam çarxları vasitəsilə ziyarətçilərə nümayiş etdirildi. Biz burada Azərbaycanın xalq rəqslərinə və folklor nümunələrinə sərgi iştirakçıları tərəfindən böyük maraq göstərildiyinin şahidi olduq».
   Azərbaycanın stendi, həmçinin Türkiyə və digər ölkələrin KİV-lərinin diqqət mərkəzində olub. Belə ki, türk, eyni zamanda bir çox xarici telekanallar Azərbaycanın turizm potensialını əks etdirən lövhədə müxtəlif çəkilişlər aparıblar.
   Turizm yetkilisinin sözlərinə görə, sərgi davam edən müddətdə Azərbaycanı təmsil edən nümayəndələr müxtəlif ölkələrin sərgi iştirakçıları ilə görüşlər keçiririblər: «Onlara ölkəmizdə turizm sahəsinin inkişafı və perspektivi haqqında geniş məlumat verdik və turistlərin həmin ölkələrdən respublikamıza cəlb edilməsi istiqamətində bir sıra danışıqlar apardıq. Bundan əlavə, Azərbaycana gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında məlumatları da iştirakçıların nəzərinə çatdırdıq».
   Qeyd edək ki, adətən beynəlxalq turizm sərgilərində Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətləri də iştirak edir. Budəfəki sərgidə isə «Millenium turizm və Konqress» MMC, «Xəzər travel» MMC, «Free Style Safary» MMC və «Azərbaycan Express Travel» MMC turizm şirkətləri iştirak ediblər. «Gilan Turizm» MMC turizm şirkəti və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən «Duzdağ» Müalicə Mərkəzi isə ayrı-ayrı stendlərlə adıçəkilən sərgidə təmsil olunublar.
   Söhbət zamanı A.İsmiyev maraqlı bir faktı da nəzərimizə çatdırdı ki, sərgi müddətində dünyanın turizm professionallarını öz ətrafında birləşdirən «Skal İnternational» beynəlxalq təşkilatının prezidenti xanım Hülya Aslantaşla görüşüblər: «Türkiyənin Aşpazlar Assosiasiyasının Prezidenti Yalçın Manafın da iştirak etdiyi görüşdə təşkilatın Azərbaycanda da klubunun yaradılması ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda xanım Hülya Aslantaş bizə bununla bağlı bəzi tövsiyələr də verdi».
   Sərginin sonuncu günü isə milli rəqslərin təqdimatına görə sərgi iştirakçıları arasında 1-ci yeri tutan Azərbaycan Dövlət Rəqs Ansamblı xüsusi ödüllə təltif olunub.
   A.İsmiyev belə tədbirlərdə iştirak etməyin vacibliyini bildirdi: «Çünki «EMİTT 2009» beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialının təqdimatı yüksək səviyyədə keçirildi. Hesab edirəm ki, qeyd olunan sərgidə iştirakımız Azərbaycanın turizm potensialının geniş təbliğ olunması istiqamətində mühüm bir addım oldu».

Fəxriyyə Abdullayeva