Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirvaninin bu il tamam olan 185 illiyinə layiqli hədiyyə hazırlanıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Daşkənddə Seyid Əzim Şirvaninin qəzəlləri toplusu ayrıca kitab halında nəşr olunub. XIX əsr Azərbaycan poeziyasının bu parlaq təmsilçisinin əsərləri ilk dəfə  belə geniş həcmdə xarici oxuculara təqdim edilir.

Heydər Əliyev adına AMM son illərdə respublikamızın Özbəkistanla ədəbi-mədəni əlaqələrinə töhfə sayılası bir sıra layihələr həyata keçirib. Bu sırada Nizami Gəncəvinin “Xəmsə”sinin tam halda özbək dilinə tərcümə edilərək nəfis şəkildə nəşr olunması xüsusilə diqqətəlayiqdir.

Seyid Əzim Şirvaninin Daşkənddə işıq üzü görən “Qəzəllər” kitabının ilk məziyyəti isə ondan ibarətdir ki, adı Yaxın və Orta Şərq xalqları arasında məşhur olan şairin daim qiraətçilərin və xanəndələrin ifasında Azərbaycandan kənarda da məşhur olmuş şeirləri birinci dəfə belə geniş həcmdə və yüksək keyfiyyətli tərcümədə təqdim olunur. Daşkənddəki “VneşinvestProm” nəşriyyatında gözəl bədii tərtibatda buraxılmış kitabın tərcüməçisi Özbəkistanın tanınmış şairi Tohir Qahhardır. Kitaba Seyid Əzim Şirvaninin 233 qəzəli daxil edilib.

Kitaba yazdığı geniş müqəddimədə Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynov S.Ə.Şirvaninin həyatı, ədəbi irsi, maarifpərvər xidmətləri barədə ətraflı məlumat verdikdən sonra belə bir ümidini ifadə edir ki, ilk dəfə Əlişir Nəvainin şirin özbəkcəsinə belə uğurlu tərcümə vasitəsilə Seyid Əzim müasir özbək oxucularının da sevilən şairlərindən birinə çevriləcək. Müqəddimə S.Ə.Şirvaninin əlyazmalarından fraqmentlər, tarixi fotolar, eləcə də Azərbaycan rəssamlarının müxtəlif illərdə çəkdikləri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan rəsm əsərlərinin reproduksiyaları ilə müşayiət olunur. Qeyd etmək lazımdır ki, kitabın bədii tərtibatı da Nizami Muzeyində gerçəkləşdirilib. Nəşrin hazırlanmasında yaxından iştirak etmiş Kərimulla Məmmədzadə, Gülbahar Aşurova, İbrahim Haqqulov, Erqaş Oçilov, Kəbirə Haşımova böyük şeir-sənət ustadının xatirəsinə layiq kitabın ortaya çıxması üçün ciddi səy göstəriblər.

Seyid Əzim Şirvaninin özbəkcə nəşr edilmiş “Qəzəllər” kitabının Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.