AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə III Beynəlxalq Dədə Qorqud türk tarixi, mədəniyyəti və ədəbiyyatı konfransı onlayn formatda keçirilib.

Konfransda Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan “Kitabi-Dədə Qorqud” abidəsinin əhəmiyyətindən bəhs edib. O, ədəbi, tarixi və qlobal baxımdan “Kitabi-Dədə Qorqud”un bir qaynaq kimi təsadüfi seçilmədiyini, bu eposun dünyanın qədim, nadir dastanlarından biri olduğunu diqqətə çatdırıb.

Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı pandemiya şəraitində dünyanın bir neçə ölkəsindən elm adamlarını bir araya toplayan konfransın əhəmiyyətindən bəhs edib.

Onlayn konfransda Türkiyə, Ukrayna, İran, Gürcüstan, Əfqanıstandan alimlər, eləcə də Azərbaycanın tanınmış elm adamlarının dil, tarix, incəsənət, folklor, ədəbiyyat, mədəniyyət, sosiologiya və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.

Akademik Muxtar İmanova, professor Ramazan Qafarlıya və Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımova İKSAD-ın rəhbəri Mustafa Latif Emekin adından təşəkkürnamə təqdim olunub.