Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatında deyilir.

Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Başsağlığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib.

***

“Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq”.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bunu sentyabrın 27-də özünün “Twitter” səhifəsində yaydığı açıqlamada bildirib.

İbrahim Qalın qeyd edib ki, beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: “Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.

***

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də açıqlama yayaraq “beynəlxalq hüququn açıq şəkildə pozuntusu olan və mülki itkilərə də yol açan erməni hücumlarını şiddətlə pislədiyini” bildirib.

Açıqlamada vurğulanır ki, bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olduğunu bir daha göstərir.

 “Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd,  Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını əlbəttə istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq”.

“Beynəlxalq ictimaiyyəti də haqlının yanında durmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və can Azərbaycana başsağlığı diləyirik” – deyə  Türkiyə XİN-in açıqlamasında vurğulanır.

***

Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Ermənistanın xain hücumlarını qınayırıq.

Bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

Hulusi Akar bildirib ki, Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir. Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır.