Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə deyib.

A.Eyvazov bildirib ki, hazırkı məlumata (saat 14.00 – red.) görə, Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

***

“Azərbaycan xalqı öz torpağında yaşamalıdır. Azərbaycan vətəndaşı vətən həsrətindədir. Ermənilər tərəfindən zorla didərgin salınmış insanlar öz ocaqlarına qayıtmaq istəyirlər”.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözlər sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu əks-hücum keçirir: “Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. PA-ya, Müdafiə Nazirliyinə məlumat verdik ki, əhali məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əməliyyat nəticəsində düşmənin hərbi qüvvəsinə böyük ziyan vurulub. Və əks-hücum nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm!

Baxın Ağdamın, Füzulini qalıqlarına. Baxın işğal edilmiş məscidlərin dağıdılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib.

Biz tam haqlıyıq, əlimizdən gələni edəcəyik ki, sizi doğma torpaqlarınıza qaytaraq”.