Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistan işğalçı hərbi birləşmələrinin sentyabrın 27-də cəbhə xətti boyunca törətdiyi genişmiqyaslı təxribata cavab olaraq Silahlı Qüvvələrimizin başlatdığı əks hücum əməliyyatı ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Müraciətdə  deyilir:

Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə bütün sərhəd boyu hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və  bütün cəbhə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə, düşmən birlikləri ciddi itkilər verərək geri çəkilir.

Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Həlledici döyüşlərdə yüksək  döyüş ruhuna malik Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən azad edir. 

Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, o cümlədən də qeyri-hökumət təşkilatları bu müqəddəs savaşın önündə gedən, vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir. 

Bütün vətəndaşlarımızı, o cümlədən cəbhəyanı rayonlarda yaşayan əhalimizi daha diqqətli olmağa və rəsmi məlumatlardan başqa heç bir xəbər və şayiələrə inanmamağa çağırırıq.

Bu bəyanatı imzalayan bütün QHT-lər Ali Baş Komandan əmr edəcəyi təqdirdə yaşımızdan asılı olmayaraq hamımız cəbhəyə getməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olduğumuzu bəyan edirik.

Biz torpağımızın sahibiyik, onun uğrunda ölməyə də, öldürməyə də qadirik!

Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!

Allah qəhrəman Ordumuzu qorusun və daim qalib etsin!

Əldə etdiyimiz ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu və xalqımızı ürəkdən təbrik edirik!

 

Müraciəti 1128 qeyri-hökumət təşkilatı imzalayıb.