Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə hücumu qardaş Türkiyənin istər dövlət rəsmiləri, millət vəkilləri, siyasi partiyaları, televiziyaları, mətbuatı, qeyri-hökumət təşkilatları və bütövlükdə cəmiyyət tərəfindən etirazla qarşılanıb.

Türkiyənin Təhsil üzrə Azad Həmkarlar İttifaqının (Türk Eğitim-Sen) və Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqının (BATHİ) sədri Talip Geylan baş verən olaylara münasibətini bildirib.

“Üzləşdiyimiz bu problemli vəziyyətdə yeganə həll yolu Ermənistanın təcili olaraq işğal olunmuş ərazilərini tərk etməsi və otuz ildir əziyyət çəkdirdiyi Azərbaycan vətəndaşlarına təzminat ödəməsidir” - deyə o vurğulayıb.

T.Geylan qeyd edib ki, rəhbərlik etdiyi hər iki təşkilatın bütün üzvləri Ermənistanı beynəlxalq hüquqa zidd hücumlarına və terrorçu işğallarına görə qətiyyətlə pisləyirlər: “Biz bölgədə otuz ildən bəri yaşananları Qarabağ münaqişəsi kimi qəbul etmirik, bu, Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğalıdır. Buna münaqişə adının verilməsi Azərbaycanla Ermənistanın hüquqlarının bərabər pozulması deməkdir.  Bu cür yanaşma problemi yaradan ölkənin məsuliyyətini azaldır. Rəhbərlik etdiyim hər iki təşkilat adına bildirirəm ki, bütün varlığımızla qardaş Azərbaycanla birlikdəyik. Buradan bir daha bildirirəm ki, qardaş Azərbaycan xalqının həqiqətən sahib olduğu və beynəlxalq qanunlarla tanınan bütün hüquqlarnı müdafiə edirik”.

Mehparə SULTANOVA
Ankara