Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub". Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər" – deyə o vurğulayıb.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.