Bakı Caz Festivalı üçgünlük televiziya şousu ilə gerçəkləşəcək

Hər il oktyabr ayında caz musiqisi həvəskarlarını və müxtəlif ölkələrdən peşəkarları bir araya gətirən Bakı Caz Festivalı koronavirus pandemiyası səbəbindən bu il Azərbaycan Televiziyası məkanından təqdim ediləcək.

Ənənəyə çevrilmiş festival oktyabrın 9-dan 11-dək “Round midnight” ənənəvi caz standartına uyğun olaraq keçiriləcək. Festivalın xüsusi seçilən hadisəsi dünya caz ulduzlarının Bakıda keçirilmiş caz festivalları zamanı səhnəarxası həyatı barədə xüsusi buraxılış verilişləri olacaq.

Caz telemarafonu Azərbaycan caz musiqiçilərinin qala-konsertlərini nümayiş edəcək. Həmçinin Bakını ziyarət etmiş dünya caz musiqi ulduzları tərəfindən xüsusi təbriklər və müxtəlif ölkələrin adından çıxış edən musiqiçilərin onlayn “jam sessions”ları təqdim olunacaq. Telemarafonun xüsusi qonaqları Kendi Dalfer (Niderland), “Küspert & Kollegen” (Almaniya), “Gaspar Karoly Trio” (Macarıstan) ansamblları, Şahin Növrəsli, İsfar Sarabski və onların caz dostları olacaq.

Son 15 il ərzində Bakı Caz Festivalı paytaxtımızın musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Festival ərzində tamaşaçılara caz musiqisi üslublarının xüsusi rəngarəngliyi ilə seçilən konsertləri təqdim ediləcək. Onların arasında avanqard, ənənəvi caz, etnocaz kimi cərəyanlar nümayiş olunacaq. Bu hadisə dünyanın aparıcı telekanallarının diqqətini daima cəlb edir, hər il “Euronews” kanalı tərəfindən geniş işıqlandırılır.

Xatırladaq ki, 2009-cu ildən başlayaraq ənənəvi olaraq sentyabr ayında gerçəkləşən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da bu il pandemiya səbəbindən ənənəvi format və miqyasda keçirilməsi mümkün olmayıb. Ötən illərdə müxtəlif ölkələrdən musiqiçiləri, bədii kollektivləri, solistləri, dirijorları, musiqişünas alimləri dahi bəstəkarın sənət işığında bir araya gətirən festival bu dəfə televiziya festivalı formatında təqdim edilir. Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunan telefestival Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihəsidir. Telefestivalın proqramı ötən illərdə gerçəkləşmiş festivalların konsertlərindən tərtib olunub. Konsertlərin videoyazıları 19-30 sentyabr tarixində “Mədəniyyət” kanalında nümayiş olunub.