Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam edən hərbi təcavüzünə son qoyulması, münaqişənin dinc yolla həll olunması üçün uzun illər danışıqlar aparılıb. Ancaq gəldiyimiz qənaət bu olub ki, Ermənistan siyasi hakimiyyəti öz məkrli siyasətindən əl çəkmir.

Bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Xalq artisti bildirib ki, indi döyüş meydanında öz sözünü Azərbaycan əsgəri deyir: “Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin siyasəti Azərbaycanı ən güclü dövlətlərdən biri edib. Qüdrətli Azərbaycan Ordusu güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə işğal altında olan torpaqlarımızı azad edəcəyik. Qarabağ Azərbaycanındır, Azərbaycandır”.

Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və ordumuza əlindən gəldiyi qədər dəstək verməlidir. Qoy düşmən bilsin ki, bizə qarşı atdığı hər bir məkrli addım cavabsız qalmayacaq. Qoy düşmən bilsin ki, bu torpaq şəhid olmuş hər bir əsgərin, gizirin, zabitin yerinə yüzünü, minini yetişdirəcək. Qoy bütün dünyaya agah olsun ki, Azərbaycanda hər kəs bu Vətənin müsəlləh əsgəridir.

Azərbaycan Prezidentinin qətiyyətli addımları sayəsində tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına ciddi qərar verib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim müqəddəs borcumuzdur.

Bu isə tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun fikirləridir.

Əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimova da ordumuzun qazandığı qələbələr ilə bağlı öz sevincini bölüşüb. Xalq artisti bildirib ki, işğalda olan torpaqlarımızın tezliklə azad olunacağını böyük ümidlə gözləyir: “Hər an Şuşanın həsrətindəyik. İnanıram ki, Şuşa və digər işğal olunmuş müqəddəs torpaqlarımız azad olunacaq. Ordumuzun qazandığı qələbələrə o qədər böyük sevincliyəm ki, bu hisslərimi sözlə ifadə edə bilmirəm. Tanrı əsgərlərimizə yar olsun. Biz illərdir ki, bu günü gözləyirdik və gün həmin gündür!”.