Azərbaycan Aşıqlar Birliyi (AAB) “Aşıq dərsləri” adlı yeni layihəyə başlayıb. Bu barədə məlumat verən birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin məqsədi aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır.

AAB-nin katibinin sözlərinə görə, yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürəkkəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilmə yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə təqdim ediləcək. Eyni zamanda bu aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar yaradacaq.

Yaxın zamanlarda işıq üzü görəcək ilk diskdə ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havaları yer alacaq. Diskdə eyni zamanda həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayev və İsfəndiyar Rüstəmovun ifasında lent yazılarının da verilməsi nəzərdə tutulur.