Şair Musa Ələkbərlinin yubileyinə

Ünlü söz adamı, şair Musa Ələkbərlinin bu il 70 yaşı tamam oldu. 1950-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində doğulmuş, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş şair 50 ildən çoxdur ki, poeziya ilə yaşamaqda, sözü yaşatmaqdadır.

“Şur” nəşriyyatının direktoru, “İncəsənət” qəzetinin baş redaktoru olan Musa Ələkbərlinin ədəbi yaradıcılığı haqqında zaman-zaman xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, akademik Nizami Cəfərov, professorlar Vaqif Yusifli, Kamran Əliyev və digərləri dəyərli fikirlər söyləmişlər.

Musa Ələkbərli üçün şeir bir ülviyyət ünvanı, paklıq meydanıdır, ötəri hiss deyildir. O, yaradıcılığı boyunca sözə qafiyə vasitəsi kimi baxmamış, sözə o qədər məsuliyyətlə, zərifliklə, həssaslıqla yanaşmışdır ki, yersiz ola biləcək bir misranı belə qafiyə xətrinə şeirə yükləməmişdir. Sözü də canlı saydığındandır ki, söz onun poetik ordusunun əsgəri və sərkərdəsidir.

Hələ uşaqlıqdan ellik sevinci, ellik ünsiyyəti-ülfəti görən şair bu saflığa o qədər bağlıdır ki, şəhərdə də bu duyğunun sorağındadır. Həyat əlifbasını doğma kəndində öyrənmiş qələm sahibi kənddən məsafəcə uzaqlaşsa da, bu istək onunla bir sirdaş, həmdərd kimidir.

Vətəndaşlığı insani kimlik sayan şair üçün naqislik adına nə varsa, onlar sadəcə olaraq yamanlıq damcılarıdır. Bütün bu damcılar nə qədər olsa belə, yaxşılıqlar önündə cılızdırlar.

Musa Ələkbərli vətəndaşlıq mövqeyinə mənəvi zərurət kimi yanaşır. Onun şeriyyətinin özəyində duran əsas məqamlardan biri məhz vətəndaşlıq borcudur. Elə bir borc ki, o borc bir toplu kimi həyatın özüdür. Orda vətənsevərlik, yurda bağlılıq, dilə həssaslıq və s. cəmlənib. Bu borc naminə insan hər mübarizəyə hazırdır...

Ana dilinə milli qürur kimi yanaşan şair bu dildə birlik himni eşitmək istəyir. Elə bu istəklə də o, “Professor Fərhad Zeynalova” şeirində yazır:

Gördüm heç vaxt doğranmayıb,
dilim-dilim mənim dilim.
“Haralısan” kəlməsini daşa basdım.
Böyüklüyün və birliyin
Himninə mən qulaq asdım...

Əgər məhəbbət sevdalı şeirlərində Musa Ələkbərli eşqə xas olan, məhəbbətin üzdə görünən və görünməyən incəliklərinə baş vurursa, bütövlükdə doğma yurd motivli şeirlərində o, içdən gələn diləklərini misralaşdırır.

Onun şeirlərində içdən gələn duyğuların sızıltılı ifadələri də az deyil. Bu ifadələrdə həm də bir daxili qəzəb hissi sezilməkdədir:

Bu boyda göz yaşı tökən millətin,
Bəs niyə ikinci Xəzəri yoxdur?!

1990-cı ilin qanlı, şəhidli yanvar günləri şairə həm də “Neynədin” şeirini yazdırmışdı:

İndi Bakım şəhidlərin şəhəri,
Necə udum mən bu dərdi, qəhəri...

Yurd, torpaq təəssübkeşliyi, insanlığa çağırış Musa Ələkbərli poeziyasının üzdə olan, daha aparıcı hissəsidir. Şair bu axarda öz məninə söykənir, öz arzu və istəklərini ifadə edir. Onun ilhamının qanadlandığı bu ünvanlar dərin məna yüklü fikirləri, əsl vətəndaşlıq hisslərini təzahür etdirir. O sanki bununla kimliyini işarə verir, özünə xas olan insanlıq keyfiyyətlərini ortaya qoyur. Bu mövzudakı şeirlərində vətəndaşlıq təpəri aşkar duyulur.

Musa Ələkbərli şeirlərinin özəlliklərindən biri də onun öz xarakter tərzidir. Bu tərz şeirlərinə də hopmuşdur. Məhəbbət şeirlərində lirik pıçıltılar, təbiət şeirlərində vəsf təbiiliyi varkən, vətəndaşlıq münasibətlərində isə cəsarətli mövqeyi aydınlığı ilə görünür.

Bir sıra şeirlərinə bəstəkarların nəğmələr bəstələdiyi, 70 yaşını salamlayan şairin bədii nümunələri həm də aşıqlar tərəfindən həvəslə ifa olunur:

Salam, yetmiş yaşım, ay üzü nurlum,
Ömrümə-günümə xoş gəldin, salam.
Ay sevda həvəslim, şeir qürurlum,
Yadıma saldın ki, mən ağsaqqalam...

Etibar ƏLİYEV
Gədəbəy Aşıq Musiqisi Məktəbinin direktoru