Azərbaycan

1 oktyabr 1897 – Görkəmli şairə Xurşudbanu Natəvan (1832, Şuşa –1897) vəfat edib. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Ağdamın “İmarət” qəbiristanlığında dəfn edilib.

1 oktyabr 1932 – Mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında”, “Koroğlu” və s. filmlərdə çəkilib. 1963-cü ildə Qusarda Ləzgi Xalq teatrını təşkil edib.

1 oktyabr 1965 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 18.2.1895 – 1965) vəfat edib. Nizami, Xaqani, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

 

2 oktyabr 1913 – Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.

2 oktyabr 1923 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 – 12.9.2004) anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

2 oktyabr 1981 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Həsənağa Dərya oğlu Salayev (5.12.1921 – 1981) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

3 oktyabr 1875 – Yazıçı-dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundov (1875-1939) Şuşada anadan olub. Yazıçının “Qorxulu nağıllar” toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. “Laçın yuvası”, “Eşq və intiqam”, “Tamahkar” və s. pyeslərin müəllifidir.

3 oktyabr 1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 – 14.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb. Bu rolu Musiqili Komediya Teatrında 600 dəfə ifa edib. “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

3 oktyabr 1996 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (26.5.1914 – 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”,  “Geriyə baxma, qoca” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı” və s.) müəllifidir.

 

4 oktyabr 1923 – Teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Dövlət Rus Dram Teatrında çalışıb, respublika Dövlət mükafatına layiq görülüb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

4 oktyabr 1924 – Opera müğənnisi, Əməkdar artist Sona Şahnəzər qızı Aslanova (1924-2011) anadan olub. Opera və operettalarda (Nigar – “Koroğlu”, Gülçöhrə – “Arşın mal alan”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.

4 oktyabr 1957 – Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.

4 oktyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 – 2000) vəfat edib. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

4 oktyabr 2006 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (12.6.1933 – 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmlərdə çəkilib.

 

5 oktyabr 1918 – Xalq artisti Qalina Borisovna Koltunova (1918-1994) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

5 oktyabr 1928 – Tanınmış ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlu (Vəliyev; 1928-1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

5 oktyabr 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

5 oktyabr 1955 – Əməkdar artist Simuzər Məmmədqulu qızı Namazova (1955-1996) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Ağdam və Gəncə teatrlarında çalışıb.

 

Dünya

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.

1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada konsert proqramları ilə qeyd edilir.

1 oktyabr 1912 – Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada”.

1 oktyabr 1930 – Fransız aktyoru Filipp Nuare (Philippe Noiret; 1930-2006) anadan olub.

 

2 oktyabr 1832 – İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.

2 oktyabr 1869 – Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.

 

3 oktyabr 1895 – Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda dərc etdirib. Mərdəkanda şairin xatirə muzeyi var.

3 oktyabr 1897 – Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon – Louis-Marie Andrieux; 1897-1982) anadan olub.

 

4 oktyabr 1582 - Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib.

4 oktyabr 1720 – İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi; 1720-1778) anadan olub.

4 oktyabr 1816 – Fransız şairi, “İnternasional” himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier; 1816-1887) anadan olub.  

 

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.

5 oktyabr 1713 – Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.

5 oktyabr 1936 – Çex yazıçısı və dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936-2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çex Respublikasının ilk prezidenti (1993-2003) olub.

Hazırladı:  Vüqar ORXAN