1-8 oktyabr 2020-ci il tarixində keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın “Cənnətin qapısı” (“Gate to heaven”) adlı bədii filmi də daxil edilmişdi.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan kinematoqrafçıların da cəlb olunduğu bildirilən filmdə erməni rejissor öz ənənəvi xislətlərinə sadiq qalaraq , Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirmişdir.

Sözügedən ekran əsərinin Moskva Beynəlxalq Kino Festivalının  müsabiqədənkənar proqramına daxil edilməsi ilə bağlı məlumatlar yayılandan sonra Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılmışdır. Nəticədə ermənilərin mənfur hərəkətlərinə qarşı vaxtında tədbirlər görülmüş və “Cənnətin qapısı” filminin Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” proqramından çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi ilə bağlı festivalın rəhbərliyi tərəfindən nazirliyə rəsmi məktub daxil olmuşdur.

Eyni zamanda onu qeyd etmək istərdik ki, azərbaycanlı rejissor İsmayıl Səfərəlinin “Balıqçı qızı” bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınmışdır və festivalda ölkəmizi təmsil edəcək.