27 illik işğaldan sonra Cəbrayılın düşməndən azad edilməsi böyük zəfərin başlanğıcıdır

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etmək üçün sentyabrın 27-də başlanan zəfər yürüşü davam edir. Erməni işğalçı qüvvələrinə bütün cəbhə boyu sarsıdıcı zərbələr endirən qoşunlarımız oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələrini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini işğaldan azad edib.

Oktyabrın 4-də isə müzəffər Ordumuzun daha böyük  bir qələbə sorağı gəldi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev televiziya ilə xalqa müraciətində Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin – Karxulu, Yuxarı Maralyan, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Dəjəl, Çərəkən, Daşkəsən, Horovlu kəndlərinin də işğaldan azad edildiyini bildirdi.

Ertəsi gün, oktyabrın 5-də Cəbrayıl rayonunun daha üç yaşayış məntəqəsinin – Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərinin azad  edilməsi xəbərini eşitdik.

Xatırladaq ki, Azərbaycan Ordusunun düşmənə qarşı əks-hücum əməliyyatının ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilmişdi. Qoşunlarımız Füzuli–Cəbrayıl istiqamətində, eləcə də cəbhənin digər istiqamətlərində döyüşləri yüksək əzm və rəşadətlə davam etdirir.

27 il davam edən işğaldan sonra düşmən tapdağından azad edilən ilk şəhərimiz isə Cəbrayıl oldu. Bu, Azərbaycan Ordusunun torpaqlarımızın bütövlüyü uğrunda apardığı müqəddəs savaşın ilk qazi şəhəridir.

İnanırıq və əminik ki, bu sıraya tezliklə işğal altında qalan digər şəhərlərimizin adı da yazılacaq. Bu bir Vətən müharibəsidir, doğma yurdların yağı tapdağından xilası üçün başlanan Qurtuluş savaşıdır. Bu savaşın hədəfi Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərqərar olması, ölkəmizin torpaq bütünlüyünün bərpasıdır.

Cəbrayıl şəhərinin düşməndən azad edilməsi bu yolda zəfərin başlanğıcıdır.

Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğuladı: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir”.

Dövlət başçısı xatırlatdı ki, bu zəfərin təməli 2016-cı ilin Aprel döyüşlərində qoyulmuşdu. Həmin uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlərin qayıtmasına imkan verdi: “Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə Azərbaycan Prezidenti bildirib.

Prezident deyib: “Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.

Dövlətimizin başçısı bildirdi ki, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq: “Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar...Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”.