Londonun mərkəzindəki Lester-Skver meydanında dünyaca məşhur kino qəhrəman – Harri Potterin heykəli qoyulub. Meydan 2001-ci ildə Coan Roulinqin “Harri Potter və fəlsəfə daşı” filminin ilk dünya premyerası keçirildiyi “Odeon” kinoteatrının yaxınlığında yerləşir.

Heykəl qəhrəmanın süpürgə üzərində uçduğu səhnəni təsvir edir. Polşalı heykəltəraş Anji Şimçikin müəllifi olduğu abidə qeyri-adi texnoloji yeniliklərlə hazırlanıb.  Bürünc Harri Potter “Meydanda səhnələr” layihəsinin ansamblını uğurla tamamlayıb. Bu layihədə əsrin ən möhtəşəm əsərləri yer alıb. Sehrbaz oğlanın qonşuluğunda britaniyalı rejissor Pol Kinqin “Ayı balası Paddinqton”un fiquru, sehrbaz dayə Meri Poppins, Betmen, Mister Binn və digərlərinin heykəllərini görmək mümkündür. 

Qeyd edək ki, britaniyalı aktyor Daniel Redkliff Harri Potter haqqında səkkiz filmdə rol alaraq məşhurlaşıb. Bir çox məşhur ekran əsərlərində baş qəhrəman obrazı yaratmasına baxmayaraq aktyor etiraf edir ki, Harri Potter onun karyerasında özünəməxsus yerə malikdir. O, müsahibələrində bu obraza yenidən qayıdacağını da bildirib.

Londonun Lester-Skver meydanı hər payız bayram əhval-ruhiyyəsi ilə coşub-daşır. Bu ərazi şəhərin ən əyləncəli məkanlarından biridir. Burada mütəmadi olaraq dünya ulduzlarının film premyeraları keçirilən kinoteatrlar, restoran və suvenir mağazaları yerləşir. Meydanda məşhurların şarjını çəkən küçə rəssamlarına, eləcə də musiqiçilərinə rast gəlmək mümkündür.  Vaxtilə burada fizik İ.Nyuton, rəssam C.Reynolds kimi şəxsiyyətlər yaşayıblar ki, onların da heykəlləri meydanın bəzəyinə çevrilib.

Hazırladı: Lalə AZƏRİ