Vətən müharibəsinin 12-ci günü arxada qaldı

“Hər şey plan üzrə gedir və qarşıda duran vəzifələr icra olunacaq”

Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi uğrunda hərbi əməliyyatları rəşadətlə davam etdirir. 27 sentyabrda başlanan Vətən müharibəsinin 12-ci günündə Ordu hissələrimiz  Ermənistanın işğalçı qüvvələrinə bütün cəbhə boyu zərbələr endirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 8-də gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv edilib. Düşmənin hərbi kolonu darmadağın olunub.

Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.

Ali Baş Komandanın rəhbərliyi ilə Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

“Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan bu sözləri oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibəsində deyib.

Ali Baş Komandan düşmən qüvvələrinə qarşı əks-hücum əməliyyatında müasir texnologiyalar əsasında yaradılmış silah və texnikadan istifadə olunduğunu xüsusi vurğulayıb. “Pilotsuz uçuş aparatlarının və silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi çox böyük fərq yaratdı. Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir... Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir”, – deyə dövlətimizin başçısı bildirib.

Prezident müsahibədə bir daha diqqətə çatdırıb ki, bizim mübarizəmiz erməni xalqı ilə deyil: “Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Mən artıq bu günlərdə də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tam hüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza, şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək”.

Azərbaycan Prezidenti CNN-Türk televiziyasına müsahibəsində Rusiya, İran və ABŞ-ın münaqişə ilə bağlı tutduqları mövqeyi də şərh edib.

Rusiyanın da ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası icra etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”.

Prezident qeyd edib ki, İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir.

Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın mövqeyinə münasibət bildirən Prezident İlham Əliyev deyib: “Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq”.