Oktyabrın 8-də 2020-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatının sahibinin adı açıqlanıb. Bu il mükafata amerikalı şairə Luiza Qlük (Louise Glück) layiq görülüb.

İsveçdəki Nobel Komitəsinin rəsmi saytında yayılan xəbərdə qeyd olunur ki, dünya üçün o qədər də asan keçməyən 2020-ci ildə Luiza Qlük bu mükafatı “gözəlliklə fərdi varlığı universal olaraq  qüsursuz, poetik dildə təqdim etdiyinə görə” qazanıb. Qeyd edək ki, bir qayda olaraq ədəbiyyat üzrə Nobel mükafatı namizədin ayrıca bir əsərini deyil, bütün yaradıcılığı əsas tutularaq  təqdim edilir.

Maraqlıdır ki, bukmekerlərin ilk beşliyində Luiza Qlyukun adı olmayıb. Favoritlər siyahısında Mariz Konde, Lyudmila Ulitskaya, Haruki Murakami, Marqarit Etvud, H.V.Txionqonun adları yer alırdı.

Luiza Qlük 1943-cü ildə Nyu-Yorkda Avstriya-Macarıstan İmperiyasından köçmüş yəhudi ailəsində anadan olub. O, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü, Yel Universitetinin professorudur. 11 şeir kitabının müəllifi olan şairə indiyədək bir neçə mükafata layiq görülüb.

Xatırladaq ki, 2018-ci ildə İsveç Kral Akademiyasının jüri üzvləri arasında yaranan qalmaqalla bağlı ədəbiyyat üzrə Nobel mükafatının verilməsi təxirə salınmışdı, bir il sonra isə iki mükafatçı eyni zamanda elan edilmişdi. 2018-ci ilin Nobel mükafatına polşalı yazıçı Olqa Tokarçuk, 2019-cu il üzrə mükafata isə avstriyalı yazıçı Piter Handke layiq görülmüşdü.