AMEA-nın Gəncə Bölməsi və Əlyazmalar İnstitutunun birgə layihəsi olaraq ərsəyə gəlmiş “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabı çapdan çıxıb.

Gəncənin Ziyadoğlu-Qacar nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid olmuş Cavad xandan bəhs edən kitab tarixi mənbələrə əsaslanır.

AMEA-nın Gəncə Bölməsindən verilən məlumata görə, layihənin rəhbəri akademik Fuad Əliyev, elmi redaktoru filologiya elmləri doktoru, Əməkdar elm xadimi Xəlil Yusifli, rəyçi akademik Teymur Kərimli, fars dilindən tərcümənin və şərhlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitabı nəşrə hazırlayanlar geniş elmi araşdırmalar aparıb, İranda saxlanılan arxiv sənədlərindən, habelə yerli tədqiqatçıların məqalələrindən istifadə ediblər. Kitabın nəşrində məqsəd Cavad xanın qəhrəmanlıq salnaməsini geniş oxucu kütləsinə çatdırmaq, Vətənə məhəbbət hissi, xüsusən gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi aşılamaqdır.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə son illərdə nəşr edilən iki kitabda və internet saytında dərc olunan ayrı-ayrı məqalələr fars dilindən tərcümə edilərək toplanıb. Həmin materiallar arasında Cavad xanın nəvə-nəticələrindən olan Huşəng Talenin, Hüseyn Əhmədinin və Rəhim Rəisnianın qədim tarixi mənbələrə əsaslanan araşdırmaları var. Uzun illər ərzində Cavad xanın əcdadı Uğurlu xan Gəncəvinin yaradıcılığını tədqiq etmiş mərhum şərqşünas alim Firəngiz Xəlilovanın, həmçinin Elnur Həsənovun, tarixçi İlqar Niftəliyevin və şərqşünas alim Rauf Şeyxzamanlının məqalələri də kitabın birinci hissəsinə daxil edilib.

İkinci hissədə isə Cavad xanın Sisyanova yazdığı məktubun mətni, Gəncə xanının qəhrəmanlığını tərənnüm edən Əbdürrəhman Ağanın və gəncəli şairə Fəridə Əliyarbəylinin şeirləri, Adil xan Ziyadoğlu-Qacarın (Ziyadxanovun) “Qələmin uçuşu” kitabının bir bölümü və Adil xanın rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin 1920-ci ildə İrana rəsmi səfəri barədə o vaxtkı mətbuatda dərc olunan xəbərlər yer alıb.

Nəşrdə, həmçinin tarixi şəxsiyyətlər, dövlət adamları və sərkərdələr, həmin dövr hadisələrində adıçəkilən müxtəlif ölkələrin imperatorları, hökmdarları və hərbçiləri haqqında qısa ensiklopedik məlumatlar verilib.