Rusiya rejissoru Dmitri Dyaçenko məşhur animasiya qəhrəmanı Çeburaşka haqqında tammetrajlı bədii film çəkəcək. Ailə komediyası janrında filmin çəkilişi 2021-ci ilə nəzərdə tutulub.

Filmin ərsəyə gəlməsində “Soyuzmultfilm”, “Yellow, Black and White” studiyaları ilə bərabər “Rossiya 1” və “STS” telekanalları iştirak edir. Çəkiliş zamanı müasir kompüter texnologiyalarından istifadə olunacaq.

Müəllif qrupunun rəhbəri, “Yellow, Black and White”ın baş prodüseri Vitali Şlyapponun sözlərinə görə, ekran əsəri köhnə animasiyanın tam eynisi olmayacaq, ancaq Çeburaşka mülayim, eyni zamanda dəcəl və yekəqulaq bir heyvan kimi təqdim ediləcək.

Qeyd edək ki, Çeburaşka obrazını uşaq yazarı Eduard Uspenski yaradıb. Qəhrəmanın görünüşünü isə cizgi film rəssamı Leonid Şvartsman verib. “Soyuzmultfilm”in qızıl kolleksiyasına daxil olan Çeburaşka, Timsah Gena və digər qəhrəmanların 50 illik yubileyi 2019-cu ildə qeyd edilib.

SƏBİNƏ