Prezident İlham Əliyev: “Biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq”

Gəncə şəhəri bombardman edilmişdir. Nəticədə mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib ki, Gəncəyə gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi.

“Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı bildirib ki, dayanıqlı atəşkəsin təmin edilməsi üçün, ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq.

Prezident vurğulayıb ki, müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır.

“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxmaq istəyir”, - İlham Əliyev bildirib.

Prezident diqqətə çatdırıb ki, Ermənistanın dəyişmək istəmədiyi status-kvonu Azərbaycan özü döyüş meydanında dəyişdirdi: “Biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi – status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Ancaq təəssüf ki, bir neçə dəfə verilən bu açıqlama və açıqlamalar havada qaldı... Ona görə belə olan halda status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur... Təmas xətti? Təmas xətti yoxdur. Biz onu bir neçə yerdən – şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir”.