14-18 oktyabrda Bakıda III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festival koronavirus pandemiyası səbəbindən bu il həm onlayn, həm də məhdud iştirakçı ilə canlı formatda reallaşacaq.

Festivalın əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və onları maarifləndirməkdir. Mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar bu il əyləncə xarakteri daşıyan müsabiqə proqramı nümayiş etdirilməyəcək. Yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan ustad dərsləri, beynəlxalq münsiflər heyəti ilə görüş, açılış və bağlanış mərasimlər, qaliblərin elan edilməsi proqramları olacaq. 

Bu arada festivalın təşkilatçısı “PERİ Film” MMC şirkəti tədbirin ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara xüsusi təşəkkür ünvanlayıb. 

Festivalın açılışı 14 oktyabr saat 15:00-da “Zoom” proqramı vasitəsilə reallaşacaq. Münsiflər heyətinə Olivier Catherin (Fransa), Nancy Denney Phelps (Belçika), Daria Kaşeçeva (Çexiya), Zurab Diasamidze (Gürcüstan) və Şamil Nəcəfzadə (Azərbaycan), ssenari üzrə münsiflərə Aron Vuud (İngiltərə), Məhəmməd Zari, Rana Vaezi (hər ikisi İran), Alyona Polikovskaya (Rusiya) və Oleq Səfərəliyev (Azərbaycan) daxildir. Münsiflər heyətinə tanınmış animasiya tənqidçisi Nancy Denney Phepls başçılıq edəcək.