Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.

Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Tarixi-dini abidələrimizə qarşı erməni vandalizmi” sərlövhəli məqaləsində yer alıb.

Dövlət Komitəsinin sosial şəbəkə səhifəsində yayımlanan məqalədə diqqətə çatdırılır ki, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Bu ərazilərdə tarixi-dini abidələrin ümumi sayı isə 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

Məqalədə qeyd olunur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə yeksan edilib, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir.

İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və dünya ictimaiyyəti bu kadrlarla tanış olub. Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər – Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) erməniləşdirilərək qriqoryanlaşdırılıb.

Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa xalqlara məxsus olduğunu iddia edir və bu niyyətlə məkrli addımlar atırlar.

Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalıb. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurub, Göy məscidin isə memarlıq xüsusiyyətləri dəyişdirilərək onun İran abidəsi olduğu iddia edilib.

Dini abidələrimizə qarşı erməni təcavüzü bu gün də davam edir. Hərb cəbhəsində uğursuzluğa məruz qalan erməni silahlı birləşmələri mülki yaşayış yerlərini, o cümlədən tarixi abidələri, qəbiristanlıqları, ziyarət yerlərini hədəfə alıb. Gəncə şəhərinə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Beyləqan rayonlarına atılan raket və top mərmiləri nəticəsində bir sıra tarixi-dini abidələrə də xeyli zərər dəyib. Düşmənin ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlıqdakı Şeyx Babı türbəsinə ciddi ziyan dəyib, həmçinin düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı Cərcis peyğəmbər ziyarətgahının yaxınlığına düşüb.

Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Düşmən işğal olunmuş ərazilərdə insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərlə bərabər mədəni irsin dağıdılmasına görə də məsuliyyət daşıyır. Bu əməllər ümumilikdə bəşər mədəniyyətinə qarşı təcavüzdür.