18 gündə 40-a yaxın yaşayış məntəqəsi işğaldan azad edilib

Azərbaycan Ordusunun Vətən torpaqlarını düşməndən azad etmək uğrunda zəfər yürüşü davam edir. Qəhrəman hərbçilərimiz tərəfindən Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının daha 14 kəndi işğaldan azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 14-də özünün rəsmi “Twitter” səhifəsində müzəffər Ordumuz tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərinin işğaldan azad edildiyini bildirib.

Dövlət başçısı oktyabrın 15-də zəfər soraqlı daha bir məlumatı paylaşıb: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Vətən müharibəsinin 18-ci günündə bir şəhər (Cəbrayıl) və bir qəsəbə (Hadrut-Ağoğlan) daxil olmaqla ümumilikdə 40-a yaxın yaşayış məntəqəsi düşməndən azad edilib.

Qeyd edək ki, oktyabrın 14-dən 15-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit-raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Oktyabrın 14-də Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin görüntüsünü paylaşıb. Videoda xilaskar Azərbaycan əsgəri azad yurd yerimizdən qürurverici sözləri bütün həmvətənlərimizlə bölüşür.

Müdafiə Nazirliyi, həmçinin bir gün öncə  Ermənistan silahlı qüvvələrinin Gəncə, Mingəçevir və digər şəhərlərə doğru tuşlanmış əməliyyat-taktiki ballistik raket kompleksinin məhv edilməsinin təfərrüatını açıqlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHM) Qərargah rəisi, general-mayor İkram Əliyev ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri və hərbi attaşelərin iştirakı ilə keçirilən brifinqdə qeyd edib ki, əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, atış məsafəsi Bakını da ötə bilərdi. Mülki yaşayış məntəqələrini hədəfə alan raketlər hərbi hava qüvvələrimiz tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.

Bildirilib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyatlar nəticəsində oktyabrın 12-də saat 14 radələrində işğal altında olan Qubadlı rayonu ərazisində bir ədəd “Toçka-U” raketi məhv edilib. Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8:30 radələrində isə 1 ədəd olmaqla ümumilikdə 3 ədəd “Elbrus” raket qurğusu raketlərilə birlikdə Ordumuz tərəfindən aşkarlanaraq məhv edilib. 300 kilometr məsafəyə malik “Elbrus” ballistik raketi ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə sahib ola bilərdi.

Brifinqdə raket komplekslərinin vurulması anının videogörüntüsü təqdim edilib. Videogörüntülərdə iki raket texnikasının hərəkətdə olduğu və döyüş mövqeyi tutduğu görünür.