“Ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq”

Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 13-də Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində Azərbaycan tərəfinin atəşkəsə razılıq verməsinin səbəbləri barədə danışarkən deyib.

“Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir və hazırkı müharibə başa çatandan sonra bir daha təsdiqini tapacaq: “Müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək. Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir”.

Prezident qeyd edib ki, Türkiyə bizim qardaşımızdır, bizim qardaşlıq münasibətlərimiz böyük sınaqlardan çıxıb. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Türkiyədən hərbi texnika alır, ancaq biz başqa ölkələrdən – Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən də alırıq. Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq? Biz silahı pulla alırıq.

Azərbaycan rəhbəri bu xüsusda Ermənistanın silah və texnikanı necə əldə etdiyinə diqqət yetirməyin vacibliyini vurğulayıb: “Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir”.

Dövlətimizin başçısı mövcud vəziyyətdə Türkiyənin bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynadığını bir daha vurğulayıb: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.

 

“Paşinyan zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq”

 

Prezident xatırladıb ki, erməni baş nazir Paşinyanın Şuşada sərxoş vəziyyətdə rəqs etməsi və digər təhqirləri, həqarəti Azərbaycan xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün döyüş meydanında alırıq, əvəzini çıxırıq: “Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır. Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır”.

Dövlət başçısı daha sonra deyib: “Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimilərə bizim ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi onu müdafiə edəcək, o zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq, bu gün də bunu istəyir”.

Prezident münaqişə zonasına sülhyaratma güclərinin göndərilməsi barədə suala da cavab verib. Bildirib ki, sülh güclərinin göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülh güclərini bizim torpağımıza göndərə bilməz: “Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülh güclərinin göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir – torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, nəqliyyat məsələlərinin, sərhədlərin açılması, ondan sonra ticarət. Ondan sonra sülh güclərinin gətirilməsi də istisna deyil. Ancaq bu 30 il ərzində nəzərə alsaq ki, müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq, bu məsələ heç müzakirə də olmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”.

Azərbaycan Prezidenti oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində də hərbi əməliyyatlar zonasında yaranmış vəziyyət haqqında danışıb.

Prezident oktyabrın 10-da əldə olunan atəşkəsin Ermənistan tərəfindən pozulması barədə danışarkən deyib: “Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılıb. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunub. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq”.

Dövlətimizin başçısı eyni zamanda diqqətə çatdırıb ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik.

 

“Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam...”

 

Prezident İlham Əliyev qeyd edib ki, biz hərbi hədəflərə zərbələr endirmişik və bunu təkzib etmirik: “Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır”.

Fransalı telejurnalistin Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi barədə sualına cavabında Azərbaycan rəhbəri bildirib ki, bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur. “Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar, bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər”.

Prezident qeyd edib ki, bu məsələdə bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz də var: “Biz bu məsələni araşdırmalıyıq. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub”.

Dövlət başçısı münaqişə  ətrafında sülh prosesinin gələcəyi barədə də fikirlərini bölüşüb və Fransanın bu danışıqlarda həmsədr qalması ilə bağlı sualı cavablandırıb: “Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq”.