Ermənistanın son günlər Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və ballistik raket atəşinə tutması nəticəsində 40-dan çox dinc sakin həlak olub, 200-dən çox insan yaralanıb. Həmçinin şəhər və kəndlərimizdə mülki infrastruktura, təsərrüfata ciddi ziyan dəyib. Bir çox ölkələrin mediasında Ermənistanın vandalizm siyasəti ilə bağlı yazılar dərc olunub.

Argentinada çıxan gündəlik “Clarin” qəzetinin internet portalında “Azərbaycan Ermənistanın bir neçə ballistik raketinin məhv edildiyini bildirib” sərlövhəli məqalə dərc olunub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilən məqalədə oktyabrın 14-də Ermənistan ərazisində Azərbaycanın mülki infrastruktur obyektlərinə və şəhərlərinə tuşlanmış bir neçə ballistik raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi bildirilir.

Nəşr oxucularının diqqətinə çatdırır ki, oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında humanitar məqsədlə atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, münaqişə zonasında hərbi əməliyyatlar bir gün belə dayanmayıb.

“Clarin” qəzeti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verir. Qeyd edilir ki, münaqişə nəticəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, habelə ona bitişik, “təhlükəsizlik zolağı” adlanan geniş əraziləri də işğal edib. “Azərbaycan bəyan edir ki, Ermənistanla münaqişənin nizamlanması üçün hazırda işğal altında olan ərazilər hökmən işğaldan azad edilməlidir. Bu tələb BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində təsbit olunub”, - deyə yazıda bildirilir. 

 

Sakinlər beynəlxalq ictimaiyyətdən sərt mövqe gözləyirlər

 

“France 24” televiziya kanalı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb.

Reportajda işğalçı ölkənin raket hücumu nəticəsində dağılmış binaların, yaxınlarını itirmiş insanların görüntüləri təqdim olunub.

Kanalın Gəncədən hazırladığı reportajda jurnalist dağıntılar altından sağ çıxan insanlarla söhbət etdiyini, raketin gecə saatlarında yaşayış binalarının üzərinə düşdüyünü diqqətə çatdırır. “Dağıntıların altından cansız bədənlər bir-bir çıxarılarkən biz bu atəşin insan həyatına necə qıydığını aydın görürük”, – deyə reportajda qeyd edilir. Diqqətə çatdırılır ki, Azərbaycan tərəfi raketin Ermənistanın Vardenis əyalətindən atıldığını bildirir.

Reportajda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə də yer verilir: “Biz Ermənistan tərəfinin bilərəkdən danışıqlar prosesini, həmçinin atəşkəs rejimini pozduğunu görürük. Biz burada ciddi dağıntılar görürük. Onlar Ermənistan ərazisindən raket sistemindən istifadə ediblər. Bu dağıntılardan sonra biz nədən danışa bilərik?”.

Jurnalist dağıntılar zamanı uşaqları xəsarət alan bir ailəni ziyarət etdiklərini qeyd edir. Bildirir ki, buradakı insanlar beynəlxalq ictimaiyyətdən sərt mövqe gözləyirlər.

 

Düşmənin çarəsizliyindən yaranan aqressivlik

 

İndoneziyanın “viva.co.id” saytı Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları ilə bağlı məqalə yayıb. Məqalədə qeyd edilir ki, uzun müddətdir işğal altında olan bir sıra ərazilər bu əməliyyatlar nəticəsində azad olunub.

Məqalədə həmçinin Gəncə şəhərinin düşmənin ballistik raket hücumuna məruz qalması barədə məlumat verilir. Azərbaycan Prezidenti İlham Əliyevə istinadla bu raket hücumlarının qarşı tərəfin çarəsizliyinin təsdiqi olduğu vurğulanır. Dövlətimizin başçısının bu fikirləri də məqalədə yer alıb: “Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır”.

Yazıda Ermənistan ordusunun dinc sakinlərə qarşı hücumlarının atəşkəs razılaşmasının əldə olunmasından bir neçə saat sonra baş verdiyi də qeyd edilir.

 

“Əl-Cəzirə” televiziya kanalında debat

 

Milli Məclisin deputatı Kamal Cəfərov “Əl-Cəzirə” televiziya kanalında Rusiya və Ermənistan rəsmilərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi və humanitar atəşkəslə bağlı canlı debatda iştirak edib.

K.Cəfərov Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilmiş vandalizm aktı, düşmənin saxta xəbərləri, siyasi müstəvidə və cəbhədəki təxribatları barədə geniş məlumat verib, aparıcının suallarını cavablandırıb.

Bildirilib ki, Ermənistan ordusu tərəfindən dinc sakinlər hədəfə alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Tərəflər oktyabrın 10-da saat 12:00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunması barədə razılığa gəlsələr də, Ermənistan bu razılaşmanı kobud şəkildə pozaraq oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə dinc əhalinin sıx məskunlaşdığı məntəqəyə “Skad” tipli (“Elbrus”) ballistik raket atıb. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.