18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür.  1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də parlamentdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın tarixində yeni mərhələ – Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və Azərbaycan SSR (1920-1991) mərhələlərindən sonra üçüncü Respublika (Azərbaycan Respublikası) dövrü başlandı.

Ötən illərdə milli dövlətçilik və müstəqillik yolunda böyük nailiyyətlər əldə edən Azərbaycan Respublikası bu günlər çağdaş və gələcək tarixinin bir nömrəli problemini – milli şan və şərəf məsələsi olan ərazi bütövlüyünü bərpa edir. Müzəffər Ordumuzun torpaqlarımızı yağı düşməndən təmizlədiyi, yurd yerlərində suverenliyimizin bərqərar edildiyi bu günlərdə müstəqilliyimizin yeni yaşı daha böyük anlam kəsb edir.