Oktyabrın 16-da Fransanın Ankaradakı səfirliyinin qarşısında “Fransa, ATƏT-in Minsk qrupunu tərk et!” şüarı ilə başlıqlı mitinq keçirilib.

Aksiyada Azərbaycanın təcavüzkar Ermənistanın hücumlarına qarşı və işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı apardığı haqlı mübarizəsində bitərəfliyini itirən Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması tələbi səsləndirilib.

Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 28 ildir heç bir həll yolu tapmayıb və bu formatın həmsədri olan Fransa BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutan məlum 4 qətnaməsinə əhəmiyyət verməyərək qeyri-konstruktiv, qərəzli münasibət nümayiş etdirir. Bundan əlavə, Fransa Senatının 1915-ci il hadisələri ilə əlaqədar ermənilərin saxta iddialarını “soyqırımı” kimi qəbul etməsi də diqqətə çatdırılıb.

Aksiyada eyni zamanda Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasında olmasının vacibliyi vurğulanıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) təəşəbbüsü ilə təşkil olunan aksiyada  “Fransa ATƏT-i tərk et!”, “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycandır!” və s. şüarlar səsləndirilib.

Mehparə SULTANOVA
Ankara