13 dinc sakin həlak olub, 48-i yaralanıb, iki uşaq itkin düşüb

Müzəffər Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında cəbhədə duruş gətirə bilməyən işğalçı Ermənistan silahlı qüvvələri 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, Ermənistan silahlı qüvvələri oktyabrın 17-si gecə saat 1 radələrində Gəncə şəhərini yenidən ballistik raket atəşinə tutub.

Düşmənin xain təxribatı nəticəsində 13 dinc sakin həlak olub, 48 nəfər yaralanıb. Həlak olanların 3-ü azyaşlı, 4-ü qadındır. 5-i azyaşlı, 20-si qadın olmaqla 48 nəfər yaralanıb, iki uşaq isə itkin düşüb.

Raket hücumu nəticəsində şəhərdə bir neçə yaşayış binası tamamilə dağılıb, ətraf ərazilərdə mülki struktura, o cümlədən orta məktəb binasına ciddi ziyan dəyib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.