4-18 oktyabr tarixində Bakıda onlayn formatda keçirilən

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sona çatıb. Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov animasiya filmlərinin maliyyələşdirilməsi istiqamətində problemlərin həll edilməsi üçün tez bir zamanda yeni mexanizmlərin işlənib tətbiq ediləcəyini vurğulayıb.

Bağlanış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Fransız İnstitutunun direktoru Jerom Kel və Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin rəhbəri, festivalın beynəlxalq münsiflər heyətinin üzvü Oleq Səfərəliyev yerli kateqoriyalar üzrə qalibləri elan ediblər.

“Ən yaxşı tammetrajlı animasiya filmi” – Qran-pri mükafatını “Burun və ya Maveriklərin sui-qəsdi” (rejissor Andrey Xrjanovski, Rusiya), “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran-pri mükafatını “Sororal” (rejissorlar Frederik İven və Luis Merkadier, Fransa) qazanıb. “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” üzrə “Reven of Nissen” (rejissorlar Yaprak Morali və Are Austnesin, Norveç), “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” üzrə “Müqəddəs Savanın taxtı” (Jakov Popov, Serbiya), “Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” üzrə isə “Misketlər” (Natalya Spixala, Polşa) filmləri mükafata layiq görülüb.

“Ən yaxşı qısametrajlı tələbə animasiya filmi” nominasiyasında 2 film qalib elan edilib: “Tozlu dəniz” (rejissor Helos Ferley, Fransa) və “Yerlər” (Nora Ştrbova, Çexiya).

Bundan əlavə, “Ən yaxşı televiziya və ya internet animasiya serialı” üzrə “Fərqli canavar” (İra Elsbanski, Rusiya), “Ən yaxşı musiqili animasiya videosu” nominasiyası üzrə “Tənbəl əjdaha” (Fokion Ksenoks və Joan Zhonga, Yunanıstan) mükafata sahib olub. “Ən yaxşı qısametrajlı animasiya filmi ssenarisi” üzrə Qran-prini “Gəmi üçün körpülər” (Robertas Nevetska, Litva) qazanıb. 

Festivalda Azərbaycanın mükafat qazanan adları isə bunlardır: “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında “Quzğun” (rejissor Fidan Axundova), “Ən yaxşı tələbə qısametrajlı Azərbaycan animasiya filmi” üzrə “Qar kürəsi” (Sevinc Quliyeva) və “İlan və kəndli” (Ayaz Xalıqov) filmləri.

“Qısa animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” və “Qısa uşaq animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” kateqoriyaları üzrə isə “Rəngsiz” (Şəbnəm Həsənəlizadə) qalib olub.

Ssenari üzrə beynəlxalq münsiflər heyətinin xüsusi mükafatına Orxan Behbudun “İP” ssenarisi layiq görülüb.

Azərbaycan animasiyasına verdiyi töhfəyə görə III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatı rejissor Hafiz Əkbərova təqdim olunub.

Bağlanış mərasiminin sonunda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi Rəşid Ağamalıyev layihənin ərsəyə gəlməsində dəstəyi olan hər kəsə, xüsusilə Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Çex Respublikasının ölkəmizdəki səfirliyinə, Fransanın Bakıdakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, “Annecy” Beynəlxalq Animasiya Film Festivalına, Aİ-nin Azərbaycandakı nümayəndəliyinə, festivala dəstək verən qurum və şirkətlərə təşəkkürünü bildirib.

LALƏ