Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi, Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi, Xızı rayonundakı Cəfər Cabbarlının Ev-Muzeyi, Şuşa Dövlət Rəsm Qalereyası və Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbi 18 Oktyabr – müstəqillik Günü münasibətilə videoçarx hazırlayıblar.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası Uşaq şöbəsinin oxu zalında pandemiya şəraitinə uyğun olaraq ara məsafə saxlanılmaqla “Mütaliə saatı” keçirilib.

Uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova bildirib ki, həyatımızda hər bir nailiyyət, qazanacağımız hər bir uğur “oxu”ya bağlıdır. Hər bir insan oxumadan da bir iş adamı, bir sənətkar, bir idarəedici ola bilər. Amma oxumağı, daim öyrənməyi qarşısına məqsəd qoymuş biri qədər nə kainatın nizamını tam anlaya, nə də seçdiyi yolda hədəfinə rahat çata bilər.

Kitabxananın əməkdaşı Nazilə Əsədullayeva tədbir barədə balaca oxuculara məlumat verib. Sonda kitabxananın fəal oxucuları müxtəlif nağıllardan parçalar oxuyub, şeirlər söyləyiblər.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri şanlı Ordumuza dəstək aksiyasına qoşulublar. Regional idarənin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları rəşadətli Ordumuza dəstək məqsədilə könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 9330 manat ianə ediblər.

Mədəniyyət müəssisələri tərəfindən həmçinin hərbçilərimizə isti geyimlər, adyallar və digər zəruri ləvazimat da göndərilib. Bundan əlavə, regional idarənin rəhbərliyi və əməkdaşları cəbhəyə yollanmış mədəniyyət işçilərinin ailələrini ziyarət ediblər.

NURƏDDİN