“Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar”

Azərbaycan xalqı və müstəqil dövlətimiz müasir tarixinin ən şanlı, qürur və fəxarət dolu günlərini yaşayır. 30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan zəfər soraqlı günlər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin ediləcəyi, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunacağı o böyük günə yaxınlaşdırır.

Sentyabrın 27-də düşmənə, nəhayət, öz yerini göstərmək üçün hərəkətə keçən şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixə əbədi həkk olunacaq səhifələri yazmaqdadır. Ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev beş dəfə xalqa televiziya ilə müraciət edib. Birinci dəfə (27 sentyabr) Vətən müharibəsinin başladığını, növbəti dəfələrdə isə bu müharibənin yeni  zəfər xəbərlərini xalqa çatdırmaq üçün. Oktyabrın 4-də ilk qazi şəhər Cəbrayılın, oktyabrın 9-da Hadrut qəsəbəsinin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində eyniadlı rayon mərkəzi, hazırda Xocavənd rayonunun ərazi-inzibati bölgüsünə daxildir) azad olunduğunu elan edən dövlət başçısı 17 oktyabrda və 20 oktyabrda daha iki mühüm müjdəni xalqla paylaşdı:

Füzuli və Zəngilan rayon mərkəzlərində düşmənin ayağı kəsilib, hər iki şəhərdə Azərbaycan bayrağı dalğalanır. Bunlarla yanaşı, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, habelə şimalda Ağdərə rayonlarının ümumilikdə 80-ə yaxın kəndi işğaldan azad edilib.

Beləliklə, Vətən müharibəsinin 24 günündə Azərbaycanın müzəffər Ordusu Ermənistanın işğalı altındakı torpaqlarımızın təxminən üçdəbirini (o cümlədən üç rayon mərkəzini) azad edib. 30 illik həsrətdən sonra böyük Qələbə vüsalının artıq günləri sayılır.

“Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik”, – deyə Prezident İlham Əliyev oktyabrın 17-də Füzulinin işğaldan azad edilməsi xəbərini xalqa çatdırarkən deyib. Dövlət başçısı vurğulayıb ki, vaxt gələcək, müzəffər Ordumuzun bu döyüşləri haqqında kitablar yazılacaq: “Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi.

Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.

Prezident qeyd edib ki, işğaldan azad edilən bütün şəhər və kəndlərimiz yenidən qurulacaq, o yerlərə həyat qayıdacaq: “Necə ki, vaxtilə Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.

 

“Xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazırıq”

 

Dövlət başçısı vurğulayıb ki, Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı: “Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik... Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar”.

Prezident deyib: “On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib.

Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir”.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, işğalçı Ermənistan döyüş meydanında sarsıdıcı zərbələr alandan sonra öz yırtıcı xislətini ortaya qoyaraq dinc insanları, yaşayış evlərini hədəfə alır. Oktyabrın 17-də gecə yarısı Gəncəyə növbəti raket zərbəsi (13 nəfər həlak olub, 50-dən çox sakin həlak yaralanıb – red.) də bunun göstəricisidir: “Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Prezident Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında nümayişkaranə şəkildə apardığı məskunlaşdırma siyasətindən də danışıb: “Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq”.

 

“Düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür”

 

“Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq. Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram” – bu sözləri isə dövlət başçısı oktyabrın 20-də Zəngilanın azad olunması ilə bağlı xalqa müraciətində bildirib.

Prezident deyib: “Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır... Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbii resurslarımızı istismar edirdi, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxlayacaqlar”.

İlham Əliyev vurğulayıb ki, biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaq: “Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.

30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da – Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar... 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.

Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

 

“Bu dərsi heç vaxt unutmayacaqlar”

 

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan rəhbərliyi yaranmış vəziyyətdən özünə nəticə çıxarmalıdır: “Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq... Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar... Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar”.

Dövlət başçısı qeyd edib ki, bu gün döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Çünki bizim işimiz haqq işidir: “Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.

Prezident müraciətini bu sözlərlə bitirib: “Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.