İşğal altındakı torpaqlarını düşməndən azad etmək üçün apardığı mübarizədə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin bu fikirləri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş yayılıb.

Baş katib deyib: “Ermənistanın mülki azərbaycanlı əhalini hədəfə almasını, eləcə də Gəncəyə ballistik raket hücumunu şiddətlə qınayırıq və beynəlxalq ictimaiyyəti də bu cinayəti qınamağa çağırırıq”.

Qarabağda baş verən prosesləri diqqətlə izlədiklərini, türkdilli ölkələrin, Türk Şurasının, ümumiyyətlə, bütün türk dünyasının Azərbaycanı dəstəklədiyini vurğulayan Bağdad Amreyev deyib: “Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir. Biz bu mübarizədə Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana zəfər və sülh arzulayırıq”.

Qeyd edək ki, Türk Şurasının Baş katibi oktyabrın 20-də Gəncə şəhərinə gedərək Ermənistan silahlı qüvvələrinin şəhərin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan evlərə baxıb. O, Ermənistanın Gəncəyə raket hücumunu qətiyyətlə pisləyib.