Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının onlayn konfransı

Azərbaycan Milli Kitabxanası Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının (CENL) onlayn konfransında iştirak edib. 45 ölkədən 49 milli kitabxananın üzv olduğu CENL-in illik iclasının bu il Belçika Kral Kitabxanasında keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası ilə əlaqədar onlayn şəkildə gerçəkləşməsinə qərar verilib.

CENL-in sədri, Britaniya Kitabxanasının icraçı direktoru Roly Keating açılış nitqi ilə çıxış edərək 33 milli kitabxana direktoru və digər beynəlxalq təşkilatların nümayəndələrini salamlayıb.

Daha sonra təşkilatın 2019-cu ildə Norveç Milli Kitabxanasında keçirilən 33-cü illik iclasının yekun sənədləri müzakirə olunub, Slovakiya Milli Kitabxanasının baş direktoru Katarina Kristofova CENL-in illik hesabatını təqdim edib.

Belçika Kral Kitabxanasının baş direktoru Sara Lammens CENL-in 2019 və 2020-ci illərə dair maliyyə hesabatları ilə bağlı məruzə edib və 2021-ci ilin büdcə təklifini səsverməyə çıxarıb. Britaniya Kitabxanasından Marcie Hopkins isə CENL-in fəaliyyət planı ilə bağlı çıxış edib.

Onlayn konfransda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun “Milli kitabxanalar pandemiya şəraitində” mövzusunda məruzəsi dinlənilib. Direktor pandemiya şəraitində Milli Kitabxananın onlayn rejimdə fəaliyyətindən danışıb. O, eyni zamanda Azərbaycan Ordusunun Ermənistan tərəfindən 30 ildən artıq işğal altında saxlanılan tarixi torpaqlarımızın azad olunması uğrunda mübarizə apardığını və erməni vandallarının dinc əhalini raket atəşinə tutmasını diqqətə çatdırıb. Milli Kitabxananın direktoru həmçinin işğalçı Ermənistan ordusunun raket və ağır artilleriya hücumları nəticəsində mədəniyyət obyektlərimizin, o cümlədən kitabxanaların zərər gördüyünü vurğulayıb.

İclasın sonunda CENL-in növbəti illik toplantılarının Brüsseldə (2021), Ankarada (2022) və Parisdə (2023) keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası 2005-ci ildən CENL-in üzvüdür. Bu təşkilat isə 1987-ci ildə Avropa Şurasının təşəbbüsü ilə yaradılıb və onun dəstəyi ilə fəaliyyət göstərir.