Ankara Qazi Universitetində beynəlxalq simpozium və rəsm sərgisi keçirilib

Oktyabrın 21-dən 23-dək Ankarada Qazi Parlamentin – Türkiyə Böyük Millət Məclisinin (TBMM) 100 illiyi münasibətlə Qazi Universitetində “XII Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu” keçirildi. Simpozium çərçivəsində “Altaylardan Balkanlara Türk Dünyası Rəsm Sərgisi” də təşkil edilmişdi.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Qazi Universiteti, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Yunus Əmrə İnstitutu, Əhməd Yəsəvi Universiteti (Qazaxıstan) və Türk Dil Qurumunun əməkdaşlığı əsasında baş tutan simpoziuma TBMM-in Sədri Mustafa Şentop da onlayn formatda qatılmışdı.

Açılış nitqində millətlərin ən vacib ortaq məxrəcinin “dil” olduğunu söyləyən Mustafa Şentop “Dil millət olmağın ilk şərtidir. Bayraq bizim azadlığımızı və müstəqilliyimizi simvollaşdırır. Dil kimliyimizi və mənsubiyyətimizi müəyyənləşdirir. Birliyimizin, qardaşlığımızın fundamenti əsasında mədəniyyətimizin və sivilizasiyamızın daşıyıcı sütunları dayanır”, deyə bildirdi.

TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı isə çıxışında vurğuladı ki, qardaş türk xalqları milli kimliklərini qoruyaraq yaşaya biləcəklərini anladıqları, əsarət altında olduqları illərdə az qala yoxa çıxan dillərini yenidən canlandıraraq yaymaq üçün çox səy göstəriblər: “Bildiyiniz kimi, dilimiz TÜRKSOY-un təməl hekayəsinin mərkəzindədir. Türk xalqlarının UNESCO-sunu qurmaq üçün yola çıxan türkdilli dövlətlərin Mədəniyyət nazirləri 1993-cü ildə TÜRKSOY-u qurdular. Ötən 27 il ərzində təşkilatımız ortaq mədəniyyətimizi, incəsənətimizi və dilimizi inkişaf etdirmək, dünya miqyasında tanıtmaq və gələcək nəsillərə ötürmək üçün çoxsaylı layihələr həyata keçirib”.

Konfransın açılışında Qazi Universitetinin rektoru Musa Yıldız, Türk Dil Qurumunun başqanı Gürer Gülsevin, Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş və tədbirin Təşkilat Komitəsinin sədri İhsan Kalenderoğlu da çıxış etdi.

Protokol çıxışlarından sonra “Yəsəvi Sənət Dərnəyi”nin ifasında türk xalqlarının musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olundu.

Konsertdən sonra “Altaylardan Balkanlara Türk Dünyası Rəsm Sərgisi”nın açılış mərasimi oldu. Sərgidə TÜRKSOY-un ənənəvi olaraq hər il düzənlədiyi “Rəssamlar görüşü” layihəsində ərsəyə gəlmiş əsərlər nümayiş etdirildi. Türk dünyası rəssamlarının kətan üzərində çəkdikləri əl işləri simpozium iştirakçılarının marağına səbəb oldu.

Qeyd edək ki, Qazi Universitetinin “Azərbaycan” salonunda plenar iclasla işə başlayan simpoziumun işi “Qarabağ”, “Xocalı”, “Naxçıvan”, “Gəncə” və “Bakı” adlandırılan salonlarda panel müzakirələri ilə davam edib. Bununla da simpoziumda Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə dəstək ifadə olunub.

Simpoziumun iştirakçıları arasında Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dosenti Elnurə Əzizova da olub. O, simpoziumda “İlk türk-İslam əsərlərində Həzrət Məhəmməd təsəvvürü” mövzusunda məruzə ilə çıxış edib. Alim Məhəmməd peyğəmbərin həyatı və şəxsiyyəti ilə əlaqəli təsəvvürün Yusif Balasaqunlunun “Qutadqu-bilik”, Əhməd Yüknəkinin “Ətəbətül-həqayiq” və Xacə Əhməd Yəsəvinin “Divani-hikmət” əsərlərindəki yerini təhlil edib.

Mehparə SULTANOVA
Ankara