Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə görüşüb.

Görüşdə Ermənistanın silahlı qüvvələrinin ölkəmizin ərazilərini bombalaması nəticəsində Azərbaycanın maddi mədəni irs abidələrinə ciddi zərər dəydiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Ermənistanın raket atəşinə tutduğu ərazilərdə – Füzuli rayonunda XIII əsrə aid Şeyx Babi türbəsi, Gəncədə IX əsrə aid İmamzadə məscidi, tarixi bina, XIX əsr Aleksandr Nevski pravoslav kilsəsi zərər görüb. Vurğulanıb ki, Ermənistan tərəfindən ölkəmizin tarixi və mədəni irsinin hədəfə alınması və dağıdılması beynəlxalq hüquqa, eləcə də silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına və onun iki Protokoluna ziddir.

UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavininə Ermənistan tərəfindən mədəni irs abidələrimizin dağıdılması və mənimsənilməsi ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb. Ağdamda dağıdılmış Cümə məscidinin fotoları, Ordumuz tərəfindən azad olunmuş Zəngilan rayonundakı məsciddə donuz saxlanılmasına dair şəkillər təqdim olunaraq, bunun bütün müsəlman dünyasına qarşı təhqir olunduğu vurğulanıb.

Görüşdə Ermənistanın köhnə xislətinə uyğun olaraq yalan məlumatlar yaymaqla ictimaiyyəti aldatdığı bildirilərək, təşkilata belə saxta məlumatlarla bağlı diqqətli olmaq çağırışı edilib.