Azərbaycan Prezident İlham Əliyev oktyabrın 24-də Fransanın “Le Figaro” qəzetinə videoformatla müsahibə verib. Dövlət başçısı müsahibəsində fransalı jurnalistin sualına cavab olaraq Qarabağın gələcəyi ilə bağlı baxışlarını da bölüşüb.

“Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük” – deyə Prezident İlham Əliyev bilddirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”.

İki millətin, iki xalqın barışacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. “Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ermənilər və azərbaycanlılar üçün ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır. Mənim planım bundan ibarətdir”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti “Figaro” qəzeti jurnalistinin “Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?” sualına cavabında qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir: “Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.