Türkiyə Yazıçılar Birliyi (TYB) Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəsinə dəstək məqsədilə Azərbaycan Yazıçılar Birliyinə (AYB) məktub ünvanlayıb.

TYB başqanı Musa Kazım Arıcan adından AYB sədri, Xalq yazıçısı Anara göndərilən məktubda Türkiyənin yazarları, ədibləri və düşüncə adamları tərəfindən əsassız torpaq iddiaları ilə hər zaman regionda sülhə ən böyük maneə yaradan, Azərbaycanda körpə, yaşlı demədən mülki insanları öldürməklə müharibə cinayəti törədən Ermənistanın və bu ölkəni dəstəkləyən, ona cəsarət verənlərin şiddətlə qınandığı vurğulanır. “Ümid edirik ki, dünyanın bütün yazıçıları bu insanlıq əleyhinə cinayətə qarşı çıxacaq. Çünki əsl düşüncə adamları həqiqətləri görməli və haqqın yanında olmalıdır”, – deyə məktubda qeyd edilir.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə beynəlxalq təşkilatların faktiki laqeyd münasibətinə diqqət çəkən Arıcan belə deyib: “Dağlıq Qarabağ məsələsi Ermənistanın təcavüzü nəticəsində ortaya çıxan bir mövzudur. Məsələnin həllində hələlik heç bir beynəlxalq təşkilatın köməyi olmayıb. Hər bir məsələni danışıqlar yolu ilə deyil, adət etdiyi müharibələr və qırğınlar yolu ilə həll edəcəyinə inanan Ermənistan beynəlxalq hüquq və qanunu tanımır və qlobal güclərin oyuncağıdır. Ermənistan rəhbərliyi yaxşı bilməlidir ki, günahsız insanlara, mülki şəxslərə hücum edərək öldürmək insanlığa qarşı cinayətdir və şübhəsiz ki, Beynəlxalq Cinayət Məhkəməsində törətdiyi qırğınların hesabını verəcək”.

TYB başqanının sözlərinə görə, Ermənistanın son hücumları qarşısında Azərbaycan və Türkiyənin birlik olması türk dünyasına nümunədir: “Türkiyə ilə Azərbaycan dil, din və mədəniyyət birliyi olan və bir-birlərini dəstəkləyən bir millətin iki ayrı dövlətidir. Türk milləti olaraq, dünən olduğu kimi, bu gün və sabah da regionun sabitliyini qorumağa çalışan və işğal altındakı vətəni qoruyan azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.

Mehparə SULTANOVA
Ankara