Oktyabrın 25-də müzəffər Azərbaycan əsgərinin ayaq basdığı Qubadlı şəhəri Cəbrayıl, Füzuli və Zəngilandan sonra ölkəmizin Dağlıq Qarabağ bölgəsi ətrafında işğaldan azad edilən sayca 4-cü rayon mərkəzidir.

Qubadlı 1993-cü ilin 31 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində – Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşir. Qərbdən 120 km məsafədə Ermənistan ilə həmsərhəddir, şimalda Laçın rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə əhatələnib. Ərazisi 802 kvadrat kilometrdir.

Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna daxil edilib, 1964-cü ildən yenidən müstəqil rayon statusu alıb.

Rayonun inzibati bölgüsünə Qubadlı şəhəri və 90-dan çox kənd daxildir.

Qubadlı rayonunun kəndləri: Abdalanlı, Alaqurşaq, Altınca, Armudlu, Aşağı Cibikli, Aşağı Mollu, Aşağı Xocamusaxlı, Bala Soltanlı, Balahəsənli, Ballıqaya, Başarat, Boynakər, Bəxtiyarlı, Cılfır, Davudlu, Deşdahat, Diləli Müskanlı, Dondarlı, Dəmirçilər, Eyvazlı, Çardaqlı, Çaytumas, Çərəli, Əbilcə, Əfəndilər, Əliquluuşağı, Əyin, Fərcan, Gödəklər, Göyyal, Gürcülü, Hal, Hat, Hüseynuşağı, Həkərli, Həmzəli, Hərtiz, Xanlıq, Xıdırlı, Xocahan, Xoçik, Xəliloba, Xələc, Xəndək, İşıqlı, Kavdadıq, Kürd Mahrızlı, Qaraağac, Qaracallı, Qaraimanlı, Qarakişilər, Qaralar, Qaraqoyunlu, Qayalı, Qazyan, Qılıcan, Qiyaslı, Qundanlı, Qədili, Ləpəheyranlı, Mahmudlu, Mahrızlı, Mehrili, Milanlı, Mirlər, Mollabürhan, Mollalı, Muradxanlı, Muğanlı, Məlikəhmədli, Məmər, Mərdanlı, Məzrə, Novlu, Padar, Poladlı, Saldaş, Saray, Sarıyataq, Seləli, Seytas, Tarovlu, Tatar, Teymur Müskanlı, Tinli, Ulaşlı, Yusifbəyli, Yuxarı Cibikli, Yuxarı Mollu, Yuxarı Xocamusaxlı, Zilanlı, Zor.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ – 1316 m), Bərgüşad silsiləsinin şərq (Hərtiz dağı – 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. İqlimi mülayim kontinentaldır. Ərazisindən Həkəri və Bərgüşad çayları keçir. Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar da rayonun su mənbəyidir.

Qəhvəyi dağ-meşə torpaqlarında əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır.

Faunasına ayı, canavar, vaşaq, tülkü, boz dovşan, oxlu kirpi, boz kəklik, turac, qırqovul, göyərçin və s. daxildir. Rayonda Qubadlı təbiət yasaqlığı təşkil edilmişdi.

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisindəki Gavur dərəsində IV əsrə aid ibadətgah-mağara yerləşir. Əliquluuşağı kəndindəki V əsrə aid Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XII əsrə aid türbə, Xocamusaxlı kəndindəki XIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.

Qalalı qalası (V əsr, Muradxanlı kəndi), Qız qalası (Əliquluuşağı kəndi), Laləzar körpüsü (Əliquluuşağı), Hacı Bədəl körpüsü (XIX əsr, Dəmirçilər kəndi), Qədim Haramı qəbiristanlığı (XIX əsr, Əlquluuşağı kəndi), Orta əsrlərə aid qədim daş qoç və at heykəlləri (Qaracallı, Abdalanlı, Mahmudlu, Novlu kəndləri), Koroğlu qalası (Əliquluuşağı kəndi) və s. tarixi memarlıq abidələri də Qubadlı rayonunun mədəni irs nümunələridir. Bu irsin 27 il sürən işğal zamanında nə dərəcədə dağıdılıb talan edildiyini isə o yerlərə əsgərlərimizdən sonra ayaq basacaq mütəxəssislər müəyyənləşdirəcək. İnanırıq ki, çox tezliklə...