Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, bunun nəticəsində günahsız insanlar həlak olublar.

Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə bildirib.

“Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalır. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbiçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident deyib: “Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da bunu etmək istəməmişlər. Əks-təqdirdə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi kağız üzərində qalmazdı”.

Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələrin (ABŞ, Fransa, Rusiya) təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib: “İclasda bizi qane etməyən və faktiki olaraq 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdü. Biz buna qəti şəkildə etiraz etdik, bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür”.

Ali Baş Komandan vurğulayıb ki, 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. Həmin qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir.

“Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi. Hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, biz döyüş meydanında qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.