Məlum olduğu kimi bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr – İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər.

1993-cü ildə qəbul edilmiş qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirilir və qətnamələrdə tələb edilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə isə bu müddəalar yox idi.

BMT Təhlükəsizlik Şurasının yeddi qeyri-daimi üzvünün Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi nəticəsində daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürüblər.

Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.