“Azərbaycan bizə türk xalqlarının totem quşunu – havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir. Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük”.

Bu fikirlər “Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyi üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda vurğulanır.

Məktubda qeyd olunur ki, azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli fikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrilib.

“İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir. Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir. Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik”, – deyə məktubda bildirilir.

Məktubu böyük qırğız yazıçısı Çingiz Aytmatovun oğlu Əskər Aytmatov və ədibin adını daşıyan Beynəlxalq Forumun üzvləri imzalayıb.