Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews”un çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, xoşbəxtlikdən raket hədəfdən yayınıb, çəkiliş qrupu xəsarət almayıb. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəyib: “Üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşıyıb”.

Qeyd edək ki, “Euronews”un reportajında da raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə (https://vimeo.com/472347741) görünür.

Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələrinə qarşı erməni dairələri tərəfindən şantajlar və təhdidlər olduğunu deyən H.Hacıyev Fransanın TF1 telekanalının əməkdaşının üzləşdiyi basqıları misal gətirib.