Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafik Sadıxovun və kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın həmmüəllifliyi ilə hazırlanan “Qloballaşma və müasir dünya teatrı (və ya teatr eskizləri)” adlı dərs vəsaiti çapdan çıxıb.

BXA-dan bildirilib ki, nəşrdə müasir Avropa və Şərq teatrlarının inteqrasiya prosesi zəngin teatr faktları ilə təhlilə çəkilir. Burada XXI əsrdə ənənəvi Şərq teatrı müasir Hindistan və Yaponiya teatrları nümunəsində təhlil olunur. Dərs vəsaitində müasir Rusiya teatrının, Ukrayna, Belarus, Estoniya, Latviya və Litva teatrlarının yaradıcılıq yoluna nəzər yetirilir. Bununla yanaşı, dünyəvi teatr prosesindən bəhrələnmə, rejissor və aktyor sənətlərində yeni yaradıcılıq üslubları, qarşılıqlı zənginləşmə prosesi, sənətdə fərdi və fərqli baxışlar, ənənə və novatorluq məsələləri öz əksini tapır.

Dərs vəsaiti tərtib edilərkən bu sahədə yazılmış müxtəlif xalqların elmi-nəzəri, tədqiqat işlərinə, tarixi mənbələrə müraciət edilib.

Nəşrdə teatral proseslər müasir zamana qədər izlənilir. Bu iş tələbələrə müxtəlif xalqların teatrlarında gedən yaradıcılıq prosesini izləməyə imkan verir və Azərbaycan teatrı ilə müqayisəyə şərait yaradır. Vəsaitdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədqiqatları ilə səsləşən cəhətlər də mövcuddur. Bu isə hər iki ali məktəbin teatrşünas kadrlarının tədris təminatına, yeni dərs vəsaitlərinin yazılmasına kömək edə bilər.