Bişkekdə “Bir millət, iki dövlət – Azərbaycanla Türkiyənin birliyi əbədidir!” adlı dəyirmi masa keçirilib. Tədbir Qırğızıstandakı azərbaycanlıların “AZƏRİ” İctimai Birliyinin,  “Ahıska Türkləri” Cəmiyyətinin və “TÜRKEL” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşib.

“AZƏRİ” İctimai Birliyinin sədri Əzizağa Əliyev tədbiri açaraq işğal altında olan yaşayış məntəqələrimizin Azərbaycan ordusu tərəfindən azad edilməsi, Ermənistanın Gəncə, Mingəçevir şəhərlərini, o cümlədən rayon və kəndlərimizi raket atəşinə tutması haqqında məlumat verib. O, həmçinin Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi uğrunda mücadiləsinə qardaş Türkiyənin siyasi və mənəvi dəstəyindən söz açıb.

“TÜRKEL” Media Qrupunun prezidenti Hökümə Xəlilova ötən əsrin 90-cı illərində Ermənistanın öz havadarlarının dəstəyi ilə Azərbaycanın ərazilərini işğal etməsi, Xocalı faciəsini törətməsi barədə danışıb.

“Ahiska Türkləri” Cəmiyyətinin sədri Atamşa Dursunov, Qırğızıstanın ictimai xadimi Anarbek Usupbayev və başqaları bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və öz torpaqlarını işğaldan azad etməsi Azərbaycan xalqının haqq işidir. Tədbirin sonunda Azərbaycan və Türkiyə prezidentlərinə müraciət qəbul edilib.