Hüseyn Cavidin “Uçurum” faciəsi ilk dəfə ayrıca kitab halında çapdan çıxıb. Kitab Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən pyesin mətbuatda dərc olunmasının 100 illiyi münasibətilə nəşrə hazırlanıb. Kitabın tərtibçisi – muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı nəşrə ön söz yazıb.

Ön sözdə bildirilir ki, mövzusu Türkiyə həyatından alınan, süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirən dördpərdəli faciə ilə dramaturqun yaradıcılığının birinci mərhələsi başa çatıb. Cavidi yaxından tanıyanların qeydlərinə əsasən, şair “Uçurum” faciəsini 1905-1906-cı illər arasında Türkiyədə olduğu zaman yazmağa başlayıb, 1917-ci ildə yenidən əsər üzərinə qayıdaraq 1919-cu ildə tamamlayıb. Əsər 1920-ci ilin aprel ayından mətbuatda hissə-hissə dərc edilib. Pyes 1922-ci ilin 2 iyun tarixində Azərbaycan Dövlət Dram Teatrında ilk dəfə tamaşaya qoyulub. 

Nəşrin redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.