Türkiyənin İzmir şəhərində baş verən zəlzələnin ilk günündən  Azərbaycanın dövlət başçısı ilə yanaşı, müxtəlif qurumlar, təşkilatlar da qardaş ölkəyə dəstəyini bildirdi. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təmsilçiləri də zəlzələ baş verən əraziyə gedərək öz həmrəyliyini nümayiş etdiriblər.

DAK İdarə Heyətinin sədri Asif Qurban deyib: “Dünya Azərbaycanlıları Konqresi və İzmirdəki azərbaycanlılar olaraq, hər zaman olduğu kimi, indi də qardaşlarımızın yanındayıq. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Əlimizdən gəldiyi qədər buradakı işlərə köməklik göstərməyə çalışırıq. Biz hər an, hər yerdə “Bir millət, iki dövlət!” şüarı altında birləşmişik. Azərbaycan da işğal altındakı torpaqlarını azad etməsi istiqamətində apardığı Vətən müharibəsində hər bir Türkiyə vətəndaşından qardaş dəstəyi görür, hiss edir. Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu Azərbaycan üçün də belədir”.

Azərbaycan-Türkiyə birliyinin İzmir zəlzələsindən sonra da özünü sübut etdiyini deyən A.Qurban ilk gündən, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqı tərəfindən paylaşılan həmrəylik mesajlarının buna  nümunə olduğunu bildirib: “Türkiyədə fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresi də istər axtarış-xilasetmə işlərində iştirak etmək, istərsə də izmirlilərlə birlik nümayiş etdirmək məqsədilə ilk gündən hadisə yerindədir. Bununla yanaşı, DAK tərəfindən evlərini itirən və ya qorxu hissi ilə mənzillərinə girə bilməyən izmirlilərə isti yemək paylanılır”.

Mehparə SULTANOVA
Ankara